Avropa Jurnalistlər Federasiyası Bakıda “Jurnalistlər üçün təhlükəsizlik təlimi” keçib
Bakı, 27 fevral, AZƏRTAC
Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda “Jurnalistlər üçün təhlükəsizlik təlimi” keçirilib.
JuHİ-dən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən təlimlərə 15 jurnalist qatılıb.
JuHİ-nin sədri Müşfiq Ələsgərli bildirib ki, təlimin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etməkdir.
Jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə ciddi zərurətin olduğunu deyən M.Ələsgərli qeyd edib: “Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 11 Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək”.