“AVROPA MÜHARİBƏLƏRƏ BİRDƏFƏLİK SON QOYMAQ DEMƏKDİR”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü professor Abel Məhərrəmov qonağı səmimi salamladıqdan sonra görüş iştirakçılarını onun bioqrafiyası ilə tanış etmişdir.
Rektor qonağa Bakı Dövlət Universiteti haqqında geniş məlumat verdikdən sonra demişdir: Biz arzulayırıq ki, kiçik dövlətlərin, o cümlədən Azərbaycanın gəncləri də super dövlətlərdən olan həmyaşıdları kimi gələcəyə ümidlə baxsınlar, müharibə fəlakəti qorxusunu, doğma yurd itkisinin ağrısını hiss etmədən, ikili standartlarla qarşılaşmadan, qloballaşan dünyada öz layiqli yerini tutaraq mənalı həyat sürsünlər. Hesab edirəm ki, regionumuzda belə şəraitin yaradılmasına Avropa Şurası xüsusi diqqət yetirəcəkdir. Ərazisinin 20 faizi işğala məruz qalmış,1 milyona qədər qaçqını və köçkünü olan Azərbaycan üçün ədalətli dünya nizamı mühüm əhəmiyyət kəsb edir. Biz Dağlıq Qarabag probleminin ədalətlə həll olunacağına ümid edirik. Əminik ki, Azərbaycanın ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş Avropaya inteqrasiya yolu ötən ilin oktyabrında şəffaf və demokratik şəraitdə keçirilmiş seçkilərdə inamlı qələbə qazanmış Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcəkdir.
AŞ-nin baş katibi Valter Şvimmer onun ünvanına deyilmiş xoş sözlər üçün təşəkkürünü bildirdikdən, Azərbaycan, Gürcüstan və Ermənistanın Avropa Şurasına qəbul olunduğu dövrü, onların qarşısında irəli sürülən tələbləri yada saldıqdan sonra “Avropalı olmaq nə deməkdir?” sualını araşdırmış, Birinci və İkinci dünya müharibələrinin, Avropanın ayrı-ayrı ölkələri arasında vaxtilə baş vermiş münaqişələrin tarixinə ekskurs etmişdir. O demişdir ki, bütün müharibə və münaqişələr sonda sülhlə nəticələnir. 1949-cu ildə təsis edilmiş Avropa Şurasının iqamətgahının yerləşdiyi Strasburq sərhəd şəhəri bir vaxtlar Fransa və Almaniya arasında münaqişə obyekti idi. Bu gün həmin şəhər hər iki ölkənin vətəndaşları üçün dostluq şəhərinə çevrilib.
Baş katib xatırlatmışdır ki, 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilmişdir. Bu təqdirəlayiq haldır. Strasburq şəhərinin nümunəsi göstərir ki, münaqişə və qanlı döyüşlər aparan tərəflər arasında barışıq əldə edilə bilər. Bu, Avropanın mənasıdır. Avropa müharibələrə birdəfəlik son qoymaq deməkdir.
Sonra dialoq olmuş, Valter Şvimmer görüş iştirakçılarının Dağlıq Qarabağ münaqişəsi tərəflərinə münasibət, onun həlli ilə bağlı ən kəskin və açıq suallarına cavab vermişdir. Onun cavabları barışığa çağırışdan ibarət olmuşdur.
Baş katib fikirlərini yekunlaşdıraraq demişdir: Mümkündür ki, irəliləyişə nail olaq, bu məsələni mərhələli həll edək. Bu zaman bizim üçün üstün olan məsələ qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasıdır.
Avropa Şurasının baş katibinə görüşdən xatirə olaraq hədiyyə verilmişdir.