AVROPA ŞURASI İLƏ AZƏRBAYCAN ARASINDA KİBERCİNAYƏTKARLIQ HAQQINDA KONVENSİYAYA QOŞULMAQ BARƏDƏ SƏNƏD İMZALANMIŞDIR
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, iyunun 30-da Strasburqda Avropa Şurasının iqamətgahında Azərbaycanın qurumun kibercinayətkarlıq haqqında Konvensiyasına qoşulması ilə əlaqədar sənədin imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov imzalamışdır.
Mərasimdən sonra Avropa Şurasının baş katibi Terri Devis Əli Abbasovla görüşmüşdür. Görüşdə qurumla Azərbaycan arasında əlaqələrin inkişafı, demokratik islahatlar sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər razılıq hissi ilə qeyd edilmişdir. Əli Abbasov vaxtilə Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini xatırlatmış, Azərbaycanın iqtisadi sahədəki uğurlarından söhbət açmış, informasiya texnologiyalarının getdikcə təkmilləşdirilməsi və inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi ilə əlaqədar bir çox ölkələrlə əməkdaşlığın yaradıldığını qeyd etmişdir.
Terri Devis Azərbaycan parlamentinin Konvensiya ilə bağlı sənədi tezliklə ratifikasiya edəcəyinə ümidvar olduğunu bildirmiş, ilin sonuna qədər ölkəmizə səfər edəcəyini diqqətə çatdırmışdır.
Kibercinayətkarlıq barədə Konvensiya 2001-ci ildə Budapeştdə qəbul edilmişdir. İndiyə qədər Avropa Şurasının üzv dövlətlərindən 41-i Konvensiyaya qoşulmuşdur. Onlardın 22-si artıq Konvensiyaya dair sənədi ratifikasiya etmişdir.