AVROPA ŞURASI YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN SƏDRİ CƏNAB HALVDAN SKARDA
Sizi, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri seçilməyiniz münasibətilə təbrik edir və üzərinizə düşən böyük və məsuliyyətli vəzifənin həyata keçirilməsində uğurlar arzulayırıq.
Azərbaycanda ilk dəfə olaraq, 1999-cu ildə bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarə orqanları yaradılmışdır. Bu, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bir hissəsi və vətəndaş cəmiyyətinin inkişafının keyfiyyətcə bir mərhələsi olmuşdur.
Yerli özünüidarə haqqında Avropa Xartiyasının tələblərini, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrini və əhali tərəfindən seçilmiş bələdiyyə orqanlarının rəyini nəzərə alaraq, təşkilati iclasın iştirakçıları Azərbaycanda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının yaradılmasını məqsədəuyğun hesab etmişdir. Həmin assosiasiyaların təsis toplantılarının hazırlanması məqsədi ilə müvafiq iş görülür.
Biz, ölkənin bütün şəhər və rayonlarını təmsil edən bələdiyyə sədrlərindən ibarət təşkilati iclasın iştirakçıları Azərbaycanda bələdiyyələrin milli assosiasiyalarının yaradılmasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin dəstəyini yüksək qiymətləndirir və öz minnətdarlığımızı bildiririk.
Əmin olduğumuzu bildiririk ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda fəaliyyət göstərən yerli özünüidarə orqanları ilə bundan sonra da sıx əməkdaşlığını davam etdirəcəkdir.