Avropa Şurasının nümayəndə heyəti ilə kibertəhlükəsizlik məsələləri müzakirə olunub
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avropa Şurası Nazirlər Komitəsinin demokratiya üzrə məruzəçilər qrupunun siyasi məsələlər üzrə direktoru Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə kibertəhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qonaqlara sektor üzrə həyata keçirilən islahatlar, internet seqmentinin genişləndirilməsi istiqamətində görülən işlər və internet medianın inkişafı barədə ətraflı məlumat verib.
Nazir müavini Azərbaycanda 40-dan çox internet provayderin lisenziyasız azad şəkildə fəaliyyət göstərdiyini və ölkənin internetdən istifadəyə görə regionda lider mövqe tutduğunu qeyd edib.
Bildirilib ki, ölkənin hətta ucqar kəndlərində yerləşən ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə hazırlıq işləri aparılır. Məqsəd əhalinin “Elektron hökumət” proqramı çərçivəsində fəaliyyət göstərən portal vasitəsi ilə elektron dövlət xidmətlərindən istifadə edə bilməsidir.
Qonaqlar Türkiyə və Avropa ölkələrində ekstremist xarakterli kontent daşıyıcısı olan saytların kibertəhlükəsizlik qurumları tərəfindən görülən işlər barədə məlumat veriblər.
E.Vəlizadə internetin inkişafı ilə yanaşı, kibertəhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə nazirliyin tərkibində xüsusi monitorinq şöbəsinin və Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycanda saytların kontentindən asılı olmayaraq yalnız məhkəmə qərarı ilə fəaliyyətlərinin dayandırılması təcrübəsindən istifadə edildiyini və bloggerlərin fəaliyyətinə nəzarətin olmamasını qeyd edib.
Beynəlxalq ekspertlər ekstremist xarakteri daşıyan saytların qarşısının alınması üçün qonşu ölkələrin əməkdaşlığına və dəstəyinə böyük ehtiyac duyulduğunu və buna nail olmadan arzuedilməz kontentin eləcə də kibertəhlükələrin qarşısının alınmasının mümkün olmadığını qeyd ediblər.
Görüşdə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin təmin edilməsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkili müzakirə olunub.