AVROPA ŞURASININ TƏMSİLÇİLƏRİ AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN HÜQUQİ İSLAHATLARDAN RAZI QALMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir DİN-in funksiyası, fəaliyyəti, ölkədəki kriminogen durum, cinayətkarlıqla mübarizə və polisin fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılması, bununla bağlı qanunvericilik aktlarının qəbulu, bir sözlə, həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir.
Avropa Şurası təmsilçilərinin nəzərinə çatdırılmışdır ki, ölkəmiz müstəqilliyini əldə etdiyi ilk illərdə özbaşınalıq şəraiti hökm sürmüş, kriminogen durum tamamilə nəzarətdən çıxmış, cinayətkarlıq ən yüksək səviyyədə olmuşdur. Bir tərəfdən Ermənistanın təcavüzü və bunun nəticəsində bir milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin düşməsi, digər tərəfdən qeyri-qanuni silahlı dəstələrin vətəndaşları qorxu altında saxlaması kriminogen duruma öz təsirini göstərmişdir. Azərbaycanın “olumla-ölüm” dilemması qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda müdrik dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və ümummilli liderimizin rəhbərliyi altında görülmüş işlər nəticəsində tədricən respublikamızda həm ictimai-siyasi sabitlik bərpa olunmuş, həm də kriminogen durum tam nəzarət altına alınmışdır. İndi əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanına daxil olan ölkələr arasında sonuncu yerlərdən birini tutur. Yaradılmış təhlükəsizlik şəraiti həm ölkə vətəndaşlarının, həm də xarici iş adamlarının normal fəaliyyəti üçün geniş imkanlar açmışdır.
Daxili işlər naziri R.Usubov, eyni zamanda, polisin fəaliyyətində mövcud olan problemlərdən, bütün dünyanı narahat edən terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində görülən işlərdən də danışmışdır.
Avropa Şurasının baş katibi Valter Şvimmer səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, Avropa standartlarına uyğun həyata keçirilən hüquqi-demokratik islahatlara, həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əldə edilən uğurlara görə razılığını bildirmişdir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılmışdır.