SİYASƏT
Avropanın bir çox liderləri erməni lobbisinin təsiri ilə müstəqil qərarvermə imkanlarını itiriblər
Bakı, 21 yanvar, AZƏRTAC
İkinci Qarabağ müharibəsindəki Qələbənin Azərbaycanın Cənubi Qafqazda daha qüdrətli və güclü dövlət kimi inkişafına geniş imkanlar açması bir çoxları kimi, Qərbi də narahat edir. Xüsusilə Ukrayna-Rusiya müharibəsi Azərbaycanın enerji resurslarına və nəqliyyat-kommunikasiya imkanlarına olan tələbatı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından rolunu artırıb.
Nəzərə alsaq ki, Qərbin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına daha çox çalışması əsasən geoiqtisadi maraqlara söykənir, deməli, regionda güclü və qüdrətli dövlətin mövcudluğundan daha çox, loyal və asılı ölkənin mövcudluğu daha arzuolunandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasətini davam etdirməkdə israrlı olması ona qarşı hücumları artırır. Təsadüfi deyil ki, erməni lobbisinin təsiri ilə öz müstəqil qəravermə imkanlarını itirən Avropanın bir çox siyasi liderləri daha çox şəxsi maraqlardan çıxış edirlər. Bununla daha çox siyasi hakimiyyətlərini qorumağa və xristian təəssübkeşliyi göstərməyə cəhd etməklə, əslində, dövlətlərinin, xalqlarının milli maraqlarına, beynəlxalq hüquq normalarına qarşı da çıxmış olurlar. Xüsusilə də özünü “demokratiyanın beşiyi”, “sülhün, təhlükəsizliyin qoruyucusu” kimi təqdim edən dövlətlər və onların rəhbərləri, əslində, bununla beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqla birbaşa təcavüzkar, separatçı Ermənistana açıq dəstəklərini nümayiş etdirirlər. Bu baxımdan Avropa Parlamentinin bir neçə gün əvvəl Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsi qeyri-obyektiv, qərəzli mahiyyət daşıyır.
“Hesab edirəm ki, Azərbaycan bu cür qətnamələrə qarşı daha düşünülmüş addım atmalıdır. Ölkəmiz özünün mövcud potensialından və Avropa İttifaqının ona olan iqtisadi marağından düzgün istifadə etməklə münasibətləri öz xeyrinə dəyişməli, ikitərəfli və qarşılıqlı maraqlara söykənən siyasətini davam etdirməli, demokratik dəyərlərin daha da inkişafı, iqtisadi gücünün artırılması baxımından inteqrasiya prosesini sürətləndirməli və Ermənistanın beynəlxalq səviyyədəki mövqeyini daha da zəiflətməlidir”, - deyə Ramid Hüseynov vurğulayıb.
Ekspert deyib ki, Ermənistan və onun havadarları hələ də Azərbaycana qarşı revanşist mövqedə qalmaqdadırlar. Onlar haqsız olsalar da, özlərini haqlı tərəf kimi göstərmək üçün dezinformasiyalardan, müxtəlif təşkilatların tribunalarından Azərbaycana qarşı istifadə edirlər.
Deməli, hazırkı vəziyyətdə beynəlxalq dəstəyin qorunub saxlanılması, onun genişləndirilməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi mühüm məsələdir. Bu gün dünya reallığını düzgün qiymətləndirməklə Azərbaycan vətəndaşının pozulmuş hüquqları, dağıdılmış tarixi və mədəni abidələri, suveren ərazilərində yaşayan separatçıların qanunsuz fəaliyyətləri və s. barədə beynəlxalq ictimaiyyətə peşəkar formada, davamlı şəkildə məlumatlar çatdırılmalıdır. Hazırda istər beynəlxalq təşkilatlar, istərsə də dövlətlərlərarası münasibətlər çərçivəsində bu istiqamətdə sürətli proses aparılır. Bütün mümkün vasitələrdən, texnologiyanın imkanlarından istifadə etməklə Azərbaycan hərbi müstəvidə qazanılmış Qələbəni informasiya cəbhəsində daha da gücləndirməkdədir”.