AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin regionun inkişafı üçün mühüm addım olduğunu qeyd edən M.Brayzə, bu layihənin Azərbaycan və Türkiyənin Avropaya inteqrasiyasında önəmli rolunu xüsusi vurğulamışdır. Qonaq yeni Transxəzər qaz kəməri layihəsinə toxunaraq, onun enerji təhlükəsizliyi baxımından Avropa üçün vacib olduğunu qeyd etmişdir. Bu layihənin Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyətini artıracağını bildirən diplomat, kəmərin Qazaxıstan qazının Xəzər dənizi vasitəsilə ixracına və qazın Avropaya alternativ marşrutla nəqlinə şərait yaradacağını söyləmişdir.
M.Brayzə layihənin reallaşması istiqamətində danışıqların intensivləşdirilməsinin, bir sıra məsələlərin, o cümlədən texniki məsələlərin tənzimlənməsinin vacib olduğunu diqqətə çatdırmışdır.
Nazir E.Məmmədyarov bu layihələrin Azərbaycan üçün siyasi, iqtisadi baxımdan böyük əhəmiyyət daşıdığını bildirmiş, Qazaxıstanın enerji daşıyıcılarının bu kəmərlərlə nəqli ilə bağlı danışıqların davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın təkcə neft və qaz hasil edən dövlət kimi deyil, həm də tranzit ölkə kimi əhəmiyyətini vurğulamışdır.
Enerji təhlükəsizliyinin dünyada aktual bir məsələyə çevrildiyini söyləyən nazir, bunun Azərbaycan üçün də əhəmiyyətini diqqətə çatdırmış, sözügedən layihələrə ABŞ-ın dəstəyini xüsusi qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.