Avstraliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti oktyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov çıxış edərək YAP-ın yaranması, parlamentin fəaliyyəti və burada təmsil olunan siyasi partiyalar, ölkəmizin seçki qanunvericiliyi barədə məlumat verib.
Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda seçkilər həmişə azad, ədalətli keçirilib. Azərbaycan bütün beynəlxalq təşkilatlara, parlamentlərə dəvət göndərib ki, qarşıdan gələn parlament seçkilərində müşahidəçi kimi iştirak etsinlər. Seçkiləri izləmək istəyən 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Yerli müşahidəçilərin sayı isə 60 minə yaxındır.
Görüşdə Avstraliya parlamentinin nümayəndələrinə ölkəmizdəki inkişaf prosesləri, tolerantlıq ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Luke Simpkins Azərbaycanda gedən inkişaf proseslərinin, xüsusilə də iqtisadi və sosial sahələrdə nailiyyətlərin təqdirəlayıq olduğunu deyib. O, Azərbaycan-Avstraliya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, ölkəmizdəki tolerantlığı yüksək qiymətləndirib.
x x x
Sonra Avstraliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə görüşüb.
Söhbət zamanı Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan ilə Avstraliya arasındakı əlaqələrdən danışılıb, ölkəmizdəki seçkiqabağı vəziyyət, siyasi partiyalar arasında mövcud olan dialoq haqqında məlumat verib.
Digər siyasi partiyaların rəhbərləri bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlarının təəssüf doğurduğunu qeyd ediblər.
Görüşlərdə qonaqların sualları cavablandırılıb.