Avstriyada sərhəd nəzarətinin gücləndirilməsi xaosa səbəb olub
Vyana, 23 avqust, AZƏRTAC
Avstriya hökumətinin COVID-19 pandemiyası ilə əlaqədar riskli regionlardan quru yolla ölkəyə dönüş və ya Avstriya ərazisindən tranzit məqsədilə istifadəyə dair yeni qərarı sərhədlərdə xaosa səbəb olub.
AZƏRTAC xəbər verir ki, avqustun 22-də qüvvəyə minən qərara əsasən, ölkəyə daxil olan bütün avtomobillər saxlanılmalı və qeydiyyata alınmalıdır. Nəticədə Sloveniya ilə sərhədə yaxın yerləşən Karavanken tunelində yaranan tıxac 12 saata kimi davam edib. Sərhəddi Sloveniya istiqamətində keçə bilməyən avtomobil sürücü və sərnişinləri üçün Qırmızı Xaç təşkilatının yerli nümayəndəliyi su və yemək paylamalı olub.
Qeyd edilməlidir ki, Xorvatiyada koronavirusa yoluxma hallarının artması Avstriya rəsmi qurumlarını bu ölkədən geri dönən turistlərə ciddi nəzarət etməyə vadar edib. Xorvatiyadan ölkəyə geri dönən və PCR testi təqdim edə bilməyən şəxslər qeydiyyata alınır və ev şəraitində karantinə göndərilir. Xorvatiyaya səfər üçün Sloveniya ərazisindən istifadə etməli olan turistlər əsasən iki böyük sərhəd-keçid məntəqəsindən istifadə edirlər. Onlardan biri - Karavanken tunelində tıxaca görə xaos yaranıb.
Almaniya Xorvatiya ilə bağlı səyahət xəbərdarlığı elan etmədiyinə görə Avstriya ərazisində sərhəddə ilişib qalanların böyük əksəriyyəti alman turistlər olub.
Avstriya Səhiyyə və Daxili İşlər nazirlikləri yaxın günlərdə sərhədlərdə qeydiyyat prosesinin daha sürətli və effektiv təşkil ediləcəyini bəyan ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana