Avstriyanın ana müxalifət partiyasında lider dəyişikliyi baş verəcək
Vyana, 23 may, AZƏRTAC
Avstriyanın ana müxalifət partiyası Avstriya Sosial-Demokratlar Partiyasında (SPÖ) sədrlik uğrunda mübarizə yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, partiyadaxili üzv sorğusunun nəticələrinə görə, partiyanın Burqenland federal əyaləti üzrə sədri və həmin əyalətin qubernatoru Hans Peter Doskozil 33,68 faiz səs toplayıb. İkinci yerdə 31,51 faizlə Vyana yaxınlığında yerləşən Trayskirxen şəhərinin meri Andreas Babler qərarlaşıb. Partiyanın hazırki sədri Pamela Rendi-Vaqner isə 31,35 faizlə sonuncu yerlə kifayətlənməli olub.
Seçki komissiyasından bildirilib ki, partiyanın 147 min 939 üzvü səsvermə hüququna malikdir və onlardan 107 min 133 nəfəri sorğu vərəqini doldurub. Bununla da partiyadaxili sorğuda 72,39 faiz üzv iştirak edib.
Partiyanın sədri P. Rendi-Vaqner sorğuda iştirak edən hər bir üzvə minnətdarlığını bildirib və nəticəni məqbul hesab etdiyini elan edib. Beləliklə, partiya sədrliyi uğrunda mübarizə H. P. Doskozil və A. Babler arasında davam edəcək. Mayın 23-də SPÖ prezidiumu və idarə heyəti birlikdə partiyanın növbəti qurultayının çağırılmasını müzakirə edəcək.
Hesab edilir ki, partiyanın qurultayı iyunun 3-də Lints şəhərində baş tutacaq və həmin tarixə kimi hazırkı sədri P. Rendi-Vaqner istefa verəcək. Bununla da gələn ilin payızında keçiriləcək növbəti parlament seçkilərində sosial-demokratlar düşərgəsinin vahid namizəd ətrafında birləşərək iştirakı üçün kifayət qədər hazırlıq müddəti olacaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana