Avstriyanın yeni Kanslerinin andiçmə mərasimi keçirilib
Vyana, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi Hofburq sarayında yeni Federal Kansler Aleksander Şallenberq və xarici işlər naziri Mixael Linhartın andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Kansleri Sebastian Kurts istefa verdikdən sonra xarici işlər naziri Aleksander Şallenberqi hökumət rəhbərliyinə gətirib. Onun namizədliyini hakim Avstriya Xalq Partiyası (ÖVP) adından S. Kurts irəli sürüb.
Dövlət başçısı Aleksander Van der Bellen andiçmə mərasimində S. Kurtsu federal kansler, A. Şallenberqi isə xarici işlər naziri vəzifəsindən azad edib. Sonra A. Şallenberq yeni hökumət başçısı, Avstriyanın Fransadakı səfiri Mixael Linharn yeni xarici işlər naziri kimi Avstriya Konstitusiyasına and içib və müvafiq dekreti imzalayıblar.
Andiçmə mərasiminin sonunda dövlət başçısı A.Van der Bellen bildirib ki, Avstriyada hökumət böhranına artıq son qoyulub və hökumət tam işlək vəziyyətdə fəaliyyətini davam etdirə bilər.
1969-cu ildə diplomat ailəsində doğulan A.Şallenberq Vyana və Parisdə hüquq təhsili aldıqdan sonra 1997-ci ildə Avstriya Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. ÖVP sıralarına qoşulan diplomat 2019-cu ildə ekspertlərdən ibarət keçid hökumətində, 2019-2021-ci illərdə isə ÖVP-Yaşıllar koalisiyasından ibarət hökumətdə xarici işlər naziri vəzifəsini tutub.
1958-ci ildə Ankarada avstriyalı diplomat ailəsində doğulan Mixael Linhart isə 1986-cı ildən Avstriya Xarici İşlər Nazirliyində çalışır. Fəaliyyəti dövründə müxtəlif ölkələrdə səfir, Avstriya İnkişaf Agentliyinin rəhbəri və Xarici İşlər Nazirliyində dövlət katibi vəzifələrində çalışıb. 2018-ci ilin yayından Avstriyanın Fransadakı səfiri təyin edilib və ölkənin Parisdəki diplomatik missiyasına rəhbərlik edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana