Avtoqəzaların sayının artmasının səbəbi nədir? ARAŞDIRMA
Gəncə, 8 iyun, Elcan Məmmədov, AZƏRTAC
Son zamanlar ölkəmizin bir çox şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələrinin sayı artır, hər gün qəzalarda insanlar ölür, xəsarət alır. Qəzaların böyük əksəriyyətinə səbəb isə yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi olur. Qəza zamanı isə sürücülər piyadaları, piyadalar isə sürücüləri günahlandırır.

AZƏRTAC-ın bölgə müxbiri məsələ ilə bağlı Gəncədə şəhər sakinlərinin fikirlərini dinləyib, əlaqədar qurumların mövqeyini öyrənib.
Şəhər sakini Qalib Rəhimov yol qəzalarının baş verməməsi üçün həm sürücülərin, həm də piyadaların diqqətli olmalı olduğunu deyib: “Yolun qarşı tərəfinə keçən zaman piyada dəqiqələrlə gözləmək məcburiyyətində qalır ki, bəlkə bir insaflı sürücü dayana, o da yolu keçə. Digər bir məsələ isə bu gün Azərbaycanda sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar maşınların sayının artmasıdır. Bu da öz növbəsində sıxlığa səbəb olur. Həmçinin, Gəncə şəhərində su-kanalizasiya sisteminin yenilənməsi ilə əlaqədar küçələrdə qazıntılar da çoxdur. Bunların hamısı qəza şəraiti yaradan səbəblərdir.”

Bəzi vətəndaşlar isə yol-nəqliyyat hadisələrinin sayının artmasında günahı diqqətsiz piyadalarda görür.
“Qəzaların baş vermə səbəbi piyadaların yolun bir tərəfindən digər tərəfinə necə gəldi keçməsindədir. Maşınların intensiv hərəkətini nəzərə almırlar,” - deyə şəhər sakini Emil Yusubov deyib.

Qanunvericilikdə bildirilir ki, əgər piyada yolun hərəkət istiqamətinin və ya dəmir yolu keçidinin müəyyən edilmiş yerindən keçməzsə, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 153.1-1 maddəsinə əsasən həmin piyadaya iyirmi manat məbləğində cərimə yazılır.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov baş vermiş yol-nəqliyyat hadisələrinin çox hissəsinin piyada keçidlərindən düzgün istifadə olunmadığına görə baş verdiyini diqqətə çatdırıb.
“Əfsuslar olsun ki, bəzən yerüstü və yeraltı keçidlər olduğu halda piyadalar qısa bir məsafəni qət etməmək üçün qanunla müəyyən edilməmiş yerlərdən yolu qarşıdan-qarşıya keçməyə çalışırlar. Bunun da nəticəsində yol-nəqliyyat hadisəsi baş verir və bəzən də hadisələr piyadanın ölümü ilə nəticələnir. Bundan başqa, araşdırmalarımız göstərir ki, bir çox sürücülər də piyada keçidlərində qanunun tələbinə əməl etmir. Belə ki, yerüstü zolaqlı piyada keçidlərinin müvafiq işarəsi olan yerlərdə sürücülər sürəti azaltmalı və diqqəti daha da artırmalıdırlar. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları həm profilaktiki həm də monitorinq xarakterli tədbirlər həyata keçirirlər,” - deyə DİN rəsmisi bildirib.

Gəncə Təcili Yardım Stansiyasının növbətçi həkimi Sevinc Vəliyeva söhbət zamanı deyib ki, gün ərzində piyadaların yolda nəqliyyat vasitələri tərəfindən xəsarət alması ilə bağlı ən azı 2-3 müraciət daxil olur: “Ötən dövrlə müqayisədə biz avtoqəzaların sayında, ən çox da piyadaların xəsarət alması ilə bağlı müraciətlərdə artım görürük. Qəzaların çoxunun səbəbi həm sürücülərin, həm də piyadaların diqqətsizliyidir. Buna görə də hər kəsdən diqqətli olmağı xahiş edirik”.

Beləliklə, əgər qəzaların iştirakçısı olmaq istəmiriksə, yollarda diqqətli olmalıyıq. Bu, həm sürücülərə, həm də piyadalara aiddir. Xüsusilə, piyadalar yerüstü keçidlərdən istifadə edərkən ehtiyatlı olmalı, avtomobillərin hərəkət intensivliyini nəzərə almalıdırlar.