Aydan Salahova: “Boşluq” bizimlə dünya arasındakı daxili sərhədlər haqqında bir rəsm əsəridir






Bakı, 19 fevral, AZƏRTAC
“Boşluq” adlı rəsm əsəri bizim özümüzlə dünya arasında qoyduğumuz daxili sərhədlər və daxildə hiss etdiyimiz sərhədlər haqqında danışır.
AZƏRTAC xəbər verir ki, bu barədə məşhur rəssam və heykəltəraş Aydan Salahova jurnalistlərə müsahibəsində bildirib. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən “Boşluq” əsərini rəssam 2024-cü ildə muzeyə hədiyyə edib.
“Bu, 2022-ci ildə Bakıda çəkdiyim böyük rəsm əsəridir. Bu əsərimi qəbul edib kolleksiyasına daxil etdiyinə görə muzeyə çox minnətdaram”, – deyə rəssam vurğulayıb.
Onun sözlərinə görə, əsərdə bir növ örtüyə bürünmüş qadın təsvir edilib. “Rəsmə baxanda anlayırsınız ki, orada heç kim yoxdur. Bu, insanın bəzən hiss etdiyi daxili boşluq, bəzən isə dolğunluq və ətrafında yaratdığı xarici və daxili sərhədlərlə bağlıdır. Ümid edirəm ki, tamaşaçı bu əsərə baxaraq özünü və bu mürəkkəb dünyadakı yerini daha yaxşı anlayacaq”, – deyə o əlavə edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, əsərin onun kolleksiyasına daxil edilməsi əhəmiyyətli hadisədir. O qeyd edib ki, Aydan Salahova həmişə cəsarətli və eyni zamanda, cəmiyyətin açıq müzakirə etmədiyi mövzulara toxunur. Ş.Məlikovanın sözlərinə görə, rəssamın əsərlərində daxili dünyanın azadlığı və qadının səssiz etirazı öz əksini tapır.
Daha sonra tədbir qarşılıqlı dialoq və bədii müzakirə formatında davam edib.
Təqdimatda rəssamlar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.