“Aydınlar ocağı” uydurma “erməni məsələsi” ilə bağlı İstanbulda konfrans keçirmişdir
İstanbul, 19 aprel (AZƏRTAC). “Aydınlar ocağı”nın İstanbulda uydurma “erməni məsələsi” ilə bağlı təşkil etdiyi konfransda Azərbaycandan və Türkiyədən alimlər, tanınmış ziyalılar iştirak etmişlər.
“Aydınlar ocağı” Anadolu bölməsinin rəhbəri professor İbrahim Öztəkin “Birinci Dünya müharibəsinin yüz ilində erməni məsələsi” mövzusunda məruzəsi dinlənilmişdir. Saxta erməni məsələsi və uydurma “erməni soyqırımı”nın siyasi gündəmə gətirilməsi, xəyali “böyük Ermənistan” iddiası, erməni millətçilərinin xalqlarımıza qarşı törətdikləri hərbi cinayətlər, ermənilərin indiki Ermənistan ərazisinə köçürülməsinin səbəb və məqsədlərini, Azərbaycan və Türkiyənin təbii sərvətlərini, eləcə də strateji ərazilərini ilhaq etmək istəyən xarici qüvvələrin həyata keçirdikləri metodlar və s. məqamları təhlil edən alim demişdir ki, bütün hallarda böyük dövlətlər erməni amilindən istifadə etməklə Azərbaycanda və Türkiyədə öz məqsədlərinə çatmağa çalışmış və ötən dövrlərdə bu çirkin niyyətlərinin bir qismini reallığa çevirə bilmişlər. Məruzəçi bildirmişdir ki, Xocalı soyqırımı müasir dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş hərbi cinayətdir. Bu soyqırımını sübut etmək üçün böyük dövlətlərin özlərində yetərincə faktlar vardır. Ermənistan 1992-ci ilin fevralında bu cinayəti törədərkən dünyanın aparıcı mətbuat orqanlarının nümayəndələri Xocalı soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymışlar. Xocalıda baş verənləri inkar etmək mümkünsüz olduğu halda, dünya birliyi hələ də susmaqda davam edir.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, İstanbul Universitetinin professoru Mustafa Erkal, professor Mehmet Saray, tarixi romanlar müəllifi, tanınmış yazıçı Şükrü Sərvər Aya və başqaları məruzə ətrafında çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, əgər müasir dünya birliyi həqiqətən də ədalət axtarırsa yüz il bundan əvvəl baş vermiş müharibənin nəticələrindən siyasi məqsədlər üçün istifadə etməməlidir. Dünyada ədalət onda zəfər çala bilər ki, böyük dövlətlər və beynəlxalq təşkilatlar ilk növbədə təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvasından didərgin düşən bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının bərpa olunmasını, Xocalı soyqırımının tanınmasını, bu hərbi cinayəti törədənlərin ədalət məhkəməsinə cəlb olunmasını, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsini təmin etsin.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul