SİYASƏT
Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib
Bakı, 14 yanvar, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin qüdrətli dövlətin qurulmasına yönələn uzaqgörən inkişaf strategiyası son 16 ildə Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilib, ölkəmizin siyasi-iqtisadi imkanları daha da genişlənib, beynəlxalq aləmdə nüfuzu artıb.
Bu müddətdə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyil ki, qlobal maliyyə böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlının Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədəki nitqi ilə bağlı şərhində yer alıb.
Politoloq bildirib ki, Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladaq ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.
Bütün bunlar barədə dövlətimizin başçısı müşavirədə deyib: “Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycanda il ərzində sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Nəticədə respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.
Arzuman Muradlı daha sonra deyib: “Bu gün dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parklarının və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.
Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkəmizin regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və onlardan 22-si artıq fəaliyyət göstərir. İndiyədək sənaye məhəllələrinə sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”.