Azərbaycan 4-cü Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək
Pekin, 3 noyabr, AZƏRTAC
Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsulları növbəti dəfə vahid ölkə stendi ilə noyabrın 5-10-da Şanxay şəhərində keçiriləcək 4-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdən 15 şirkətin 300 adda məhsulu vahid ölkə stendində nümayiş olunacaq. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Bu, dünyada ölkə səviyyəsində keçirilən ən iri idxal sərgisidir. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. Statistikaya əsasən, ötən 5 ildə dünyada ümumi idxalın təxminən 10 faizi Çinin payına düşüb. Şanxay sərgisi də Çinin idxal tələbatının təminatını dəstəkləməyə xidmət edir.
Builki sərgidə 127 ölkənin 3 mindən çox şirkəti iştirak edəcək. Sərginin ekspozisiya sahəsi 366 min kvadratmetrdir. Azərbaycan əvvəlki 3 sərgidə də vahid ölkə stendi ilə təmsil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin