AZƏRBAYCAN-ABŞ ƏMƏKDAŞLIĞI YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Azərbaycanın müstəqillik yolu, iqtisadi inkişafı və Avropa təhlükəsizlik strukturlarına inteqrasiyası barəsində məlumat vermişdir. O demişdir ki, Azərbaycan-ABŞ əməkdaşlığı yüksələn xətlə inkişaf edir və strateji xarakter daşıyır.
Görüşə görə təşəkkür edən general Jozef Qoar söyləmişdir ki, “Kapstoun” qrupunun Bakıya səfəri ABŞ-ın Azərbaycanla əməkdaşlığına böyük əhəmiyyət verməsini bir daha sübut edir.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətini davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Ermənistan rəhbərliyi münaqişənin həllində destruktiv mövqe tutur, qeydiyyatsız silah-sursat işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilir və buradan qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Münaqişənin həll edilməməsi regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbidir.
Nazir bölgədə mövcud hərbi-siyasi vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ABŞ və NATO ilə əməkdaşlıq, digər məsələlər haqqında qonaqların suallarını cavablandırmışdır.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişdir.