İDMAN
Azərbaycan ağırlıqqaldıranı: Avropa çempionatından yaxşı nəticələrlə qayıdacağıq
![Azərbaycan ağırlıqqaldıranı: Avropa çempionatından yaxşı nəticələrlə qayıdacağıq](/files/2024/1/1200x630/1707469293481186609_1200x630.jpg)
Bakı, 9 fevral, AZƏRTAC
"Yarışda rəqiblərimdən geri qalmamağa çalışacağam".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı komandanın yarışa tam hazır olduğunu bildirib: "Təəssüf ki, ötən ay Türkiyədə təlim-məşq toplanışı zamanı dizimdən aldığım zədəyə görə məşqləri dayandırmalı oldum. Yenidən Bakıya qayıdaraq müalicəmi burada davam etdirdim. Ümid edirəm ki, Vətənə yaxşı nəticələrlə qayıdacağıq".
O, zədəli olmağına baxmayaraq, sona qədər mübarizə aparacağını vurğulayıb: "Açığı, yarışdan öncə proqnoz verməyi xoşlamıram. Ölkəmiz, komandamız və federasiyamız üçün sonadək mübarizə aparmalıyam. Bu mübarizədən geri çəkilmək niyyətim yoxdur. Avropa çempionatından sonra lisenziya xarakterli Dünya Kuboku var. Bu turnirlərin hər birində yüksək reytinq xalı yığmaq üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-də təşkil olunacaq. Azərbaycan yığması turnirdə 8-i kişi, 1-i qadın olmaqla 9 idmançı ilə təmsil olunacaq.