Azərbaycan Ağsaqqallar Şurası qardaş Türkiyəyə yardım edib
Bakı, 9 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyasına başlanılıb. Hazırda zəlzələdən zərər çəkənlər üçün təşkil edilən yardım kampaniyasına qoşulan təşkilatların və vətəndaşların sayı durmadan artır. Azərbaycan Ağsaqqallar Şurası da yardım kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a Ağsaqqallar Şurasından məlumat verilib.
Bildirilib ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərini də dərindən sarsıdıb və onlar da qardaş Türkiyənin dərdinə şərikdirlər. Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Əl Oyunları Sarayındakı yardım toplama məntəqəsinə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən yataq dəstləri (yorğan, döşək, yastıq), həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar təhvil verilib. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birini dəstəkləyir.
Şuranın üzvləri bir daha qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyib, onların yaxınlarına və türk xalqına bağsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.