Azərbaycan alimi Özbəkistanda keçirilən konfransda çıxış edib
Daşkənd, 25 may, AZƏRTAC
Özbəkistan Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət və Mərifət Mərkəzi ilə birgə Dövlət Mədəniyyət və Sənət İnstitutunda ”Dil yaşasa, millət də yaşayacaq” adlı konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov onlayn olaraq “Müstəqillik dövrü Azərbaycanda dil siyasəti” məruzəsi ilə çıxış edib.
Azərbaycanda müstəqillik illərində həyata keçirilən dil siyasətindən danışan E.İbrahimov bildirib ki, Sovet İttifaqının süqutundan sonra 1991-ci il oktyabrın 18-də ölkəmiz öz dövlət müstəqilliyini elan edib. Bundan sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi üçün əlverişli şərait yaranıb. Azərbaycan Prezidentinin Fərmanı ilə ana dilinə dövlət qayğısının bariz göstəricisi olaraq dövlət dilindən istifadə daha da təkmilləşib, araşdırmaların keyfiyyəti yaxşılaşıb, dövlət dili bütün sahələrdə güclənib və inkişaf edib.
E.İbrahimov deyib: “Azərbaycan dili ilə bağlı verilən bütün sərəncamlar, qəbul edilən bütün qərarlar Azərbaycan dövlətinin dil siyasəti sahəsində keçirdiyi ardıcıl və məqsədli siyasətin tərkib hissəsidir”.
Sonda E.İbrahimov məruzə ilə bağlı konfrans iştirakçılarının suallarına cavab verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd