Azərbaycan alimləri “Horizon Avropa” proqramı barədə məlumatlandırılıb
Bakı, 11 fevral, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları Avropa Komissiyasının “Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlimdə iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil olunub. Təlimlər Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyadan olan ekspert Qorazd Veis və italiyalı ekspert Bruno Mourenza tərəfindən aparılıb. Həmçinin “Zoom” platforması üzərindən AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.
Təlimlərdə “Horizon Avropa” proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib.
Sonda dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 nəfərə sertifikat verilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Ülkər İbrahimova və Günay İsmayılovaya sertifikat təqdim olunub.