CƏMİYYƏT
Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ-da məskunlaşmış həmvətən həkimlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan, həmçinin fəaliyyət göstərən azərbaycanlı tibb işçiləri, diaspor nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Azərbaycan-Amerikan Tibb Assosiasiyasının rəhbəri Səbinə Hacıyeva iclas haqqında məlumat verib və azərbaycanlı həkimlərin şəbəkələşməsində göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək Komitənin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, eyni zamanda, ötən gün Vaşinqtonda baş tutan Amerika-Azərbaycan Gənclərinin ilk forumundan və bu kimi tədbirlərin təşkilinin böyük uğur olmasından bəhs edib.
Sədr müavini ABŞ-ın qabaqcıl tibb müəssisələrində çalışan həkimlərimizin bu kimi görüşlərinin onların birliyinə, eyni zamanda, inkişaf edən Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyinə əminliyini qeyd edib.
Daha sonra Assosiasiyanın rəhbərlərindən Rauf Şahbazov təşkilatın yaranması, qazandığı uğurlar və gələcək fəaliyyəti haqqında təqdimatla çıxış edərək təşkilatın ABŞ-da yaşayan və tibb sahəsi üzrə təhsil alan gənc azərbaycanlı kadrların inkişafı üçün onları müxtəlif təcrübə-mübadilə, eləcə də təqaüd proqramları ilə təmin etdiyini deyib, həmçinin Qarabağ Universitetinə ABŞ-da yaşayan həkimlərin də töhfə verəcəyini diqqətə çatdırıb.
Sonda müxtəlif tibb sahələri üzrə fəaliyyət göstərən həkimlərin çıxışları dinlənilib, təşkilatın gələcək fəaliyyət planları, tibb sahəsi üzrə inkişaf edən yeniliklər və bir çox vacib mövzular barəsində müzakirələr və fikir mübadiləsi aparılıb.