Azərbaycan Avropa İttifaqı, eləcə də Avropa məkanı üçün önəmli tərəfdaşdır
Bakı, 8 aprel, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin diplomatik masaya transferi kimi də qiymətləndirə bilərik. Bildiyiniz kimi bu yaxınlarda Azərbaycan tərəfi Ermənistana sülh danışıqlarının başladılması üçün 5 bəndlik təklif göndərib. Brüssel danışıqları da həmin beş bəndlik təkliflər əsasında aparılıb və əldə olunan ilkin razılıqlar da bunu bir daha təsdiq edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli deyib.
Onun sözlərinə görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Şarl Mişel bildirib ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verdik. Görüşdə, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəlinib.
Mikayıl Həsənli bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün vacibliyi, eləcə də Azərbaycanın Avropa məkanındakı enerji təhlükəsizliyindəki mühüm, əvəzsiz rolu haqqındakı fikirləri bir daha deməyə əsas verir ki, ölkəmiz Avropa İttifaqı, eləcə də Avropa məkanı üçün önəmli tərəfdaşdır.
“Təbii ki, bundan sonra da Azərbaycan tərəfi özünün ədalətli mövqeyinin təmini üçün yaratmış olduğu üstünlüklərdən məharətlə istifadə edəcək. Əgər biz 44 günlük Vətən müharibəsindən dərhal sonra ilkin diplomatik qələbə olaraq Ağdamın, Kəlbəcərin və Laçının bir güllə atılmadan işğaldan azad edilməsinə nail olduqsa, hazırkı danışıqlar prosesi ilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınmasına nail olacağıq. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzla birgə qalib bir Ali Baş Komandan olduğunu sübut etdi. Hazırkı sülh danışıqları prosesini uğurla yekunlaşdırmaqla həm də necə mahir və uzaqgörən diplomat olduğunu bir daha sübut edəcək”, - deyə Mikayıl Həsənli vurğulayıb.