AZƏRBAYCAN AVROPA İTTİFAQI İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Avropa Birliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətini iyulun 8-də Milli Məclisin sədri Murtuz Ələsgərov qəbul etmişdir.Parlamentin sədri Murtuz Ələsgərov nümayəndə heyətini İtaliyanın Avropa Birliyinə sədrlik etməsi münasibətilə təbrik edərək dedi ki, Azərbaycanla Avropa Birliyi arasında 1996-cı ildə “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Saziş imzalandıqdan sonra ölkəmizlə bu təşkilat arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır. Azərbaycan bu əlaqələrin inkişafında, eləcə də Avropaya inteqrasiyada maraqlıdır. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra demokratik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, qanunlarımızın Avropa standartlarına uyğunlaşdırılması, mətbuat və söz azadlığının təmin olunması buna əyani sübutdur. Murtuz Ələsgərov parlamentin fəaliyyəti, Milli Məclisdə Avropa Birliyi ilə əməkdaşlıq qrupu barədə də qonaqlara ətraflı məlumat vermişdir. Ölkəmizin inkişafına toxunan parlamentin sədri qeyd etmişdir ki, Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir. Amma Ermənistanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, torpaqlarımızı işğal altında saxlaması inkişafa ciddi əngəl törədir. Həmçinin bəzi beynəlxalq qurumların və dövlətlərin ikili siyasət yürütmələri problemin həllini uzadır. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Münaqişə bu üsulla həll olunmasa, Azərbaycan öz torpaqlarını başqa vasitələrlə azad edəcəkdir. Nümayəndə heyətinin rəhbəri Marqerita Boniver ətraflı məlumat üçün Murtuz Ələsgərova təşəkkürünü bildirərək dedi ki, səfərdən əsas məqsəd Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirməkdir. Avropa Birliyi rəhbər strukturunun üzvü kimi yenə də Azərbaycana səfər edəcəyini vurğulayan xanım Marqerita Boniver onu da qeyd etmişdir ki, Avropa Birliyi bu regiondakı münaqişələrin hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bunu dəfələrlə bəyan etmişdir. Sonra Murtuz Ələsgərov qarşıdan gələn prezident seçkiləri, Mərkəzi Seçki Komissiyasının formalaşması barədə qonarlara ətraflı məlumat vermiş və onları maraqlandıran digər sualları cavablandırmışdır. NAZİRLƏR KABİNETİNDƏ QƏBUL İyulun 8-də Azərbaycanın baş naziri Artur Rasizadə Avropa Birliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul etmişdir. Baş nazir qonaqları salamlayaraq dedi ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi yolundadır və Avropa ailəsinə daha sıx inteqrasiya olmaq istəyir. O, iqtisadi layihələrin həyata keçirilməsində ölkəmizə göstərilən köməyə görə Avropa Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Hökumətin başçısı ölkəmizdəki ictimai-siyasi sabitlikdən, son illər əldə olunan iqtisadi yüksəlişdən danışaraq vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi respublikamızın əsas problemi olaraq qalır. Artur Rasizadə erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərini xəritədə qonaqlara göstərdi. Nümayəndə heyətinin rəhbəri Marqerita Boniver səmimi qəbula və ətraflı məlumata görə baş nazirə təşəkkür edərək dedi ki, Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın genişləndirilməsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasında maraqlıdır. Qəbulda qarşılıqlı maraq doğuran məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı. Görüşdə baş nazirin müavini Abid Şərifov, İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta iştirak edirdilər. AZƏRBAYCANIN AVROPA AİLƏSİNƏ İNTEQRASİYA PROSESİ GƏLƏCƏKDƏ DƏ DAVAM EDƏCƏK İyulun 8-də Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimiyyətlə salamlayan İlham Əliyev nümayəndə heyətinin rəhbəri xanım Marqerita Boniverlə ötən ilki görüşünü xatırlatdı və İtaliyanın Avropa Birliyi kimi mötəbər qurumda sədrliyinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin genişlənməsini ölkəmizin ümumilikdə Avropa ailəsinə inteqrasiyasının tərkib hissəsi kimi dəyərləndirən İlham Əliyev respublikamızın artıq 10 ildir bu yolda olduğunu və prosesin gələcəkdə də davam etdiriləcəyini söylədi. Natiq dedi ki, bu gün Azərbaycanın Avropa Birliyi ilə müxtəlif sahələrdə, xüsusən də enerji və iqtisadiyyatın digər sahələrində əməkdaşlığı yüksək səviyyədədir. Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitliyi iqtisadi, siyasi və hüquqi islahatların zəmini kimi qiymətləndirən İlham Əliyev Azərbaycanın xarici sərmayə axını üçün etibarlı məmləkət olduğunu və bu sərmayələrin gələcəkdə daha da artacağını vurğuladı. “Azərbaycanın uğurları bütövlükdə bölgənin inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir”,- deyə natiq fikrinə yekun vurdu. İlham Əliyev daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşadığını xatırlatdı. Münaqişənin ədalətli həlli üçün beynəlxalq təşkilatların səylərinin artırılmasının zəruriliyini qeyd edən İlham Əliyev Avropa Birliyinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi. Səmimi qəbula görə minnətdarlığını bildirən Marqerita Boniver Azərbaycanın Avropa Birliyi üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi, bu qurumun yeni tərkibdə nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə ilk səfərə məhz Azərbaycandan başlamasının təsadüfi olmadığını diqqətə çatdırdı. Qonaqlar Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılması, iqtisadiyyatın digər sahələri üzrə inkişafın perspektivləri məsələləri ilə maraqlandılar. Onlar vurğuladılar ki, Azərbaycanda gedən proseslər Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Qəbulda İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta iştirak edirdi. AZƏRBAYCANLA AVROPA BİRLİYİ ARASINDA ƏLAQƏLƏR YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR Avropa Birliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyulun 8- də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ilə görüşmüşdür. Nazir nümayəndə heyətinin rəhbərini təmsil etdiyi ölkənin Avropa Birliyinə sədrlik etməyə başlaması münasibətilə təbrik edərək demişdir ki, İtaliya kimi inkişaf etmiş bir ölkənin Avropa Birliyinə rəhbərlik etməsi bu beynəlxalq təşkilatla tərəfdaşlıq və əməkdaşlıq Sazişinə qoşulan ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa xüsusi önəm verir. Avropa Birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllinə tərəfdar olması Azərbaycanı bu təşkilatla daha sıx əməkdaşlığa sövq edir. Azərbaycanla Avropa Birliyi arasında 1996-cı ildə imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Saziş 1999-cu ildə qüvvəyə mindikdən sonra bu təşkilatla əməkdaşlıq ölkəmizin strateji planlarından birinə çevrilmişdir. Azərbaycan hökuməti Birliklə əməkdaşlığı genişləndirmək məqsədi ilə müxtəlif dövlət strukturlarının nümayəndələrindən ibarət dövlət komissiyası yaratmışdır. Nazir Avropa Birliyinə İtaliyadan əvvəl sədrlik etmiş Yunanıstanın fəaliyyətini də yüksək qiymətləndirmişdir. Nümayəndə heyətinin rəhbəri xanım Marqerita Boniver demişdir ki, səfərdən əsas məqsəd Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirməkdir. Avropa Birliyi Cənubi Qafqaz regionuna xüsusi diqqət yetirir və bu bölgə üzrə xüsusi nümayəndənin təyin olunması buna bariz nümunədir. Avropa Birliyi bu regiondakı münaqişələrin hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində, demokratik yolla həllinə tərəfdardır. Xanım Boniver vurğulamışdır ki, bu, həm də regionun gələcək tərəqqisinə və baş verə biləcək münaqişələrin qarşısının alınmasına yardım edəcəkdir. Nümayəndə heyətinin rəhbəri Azərbaycanla təmsil etdiyi təşkilat arasında əməkdaşlığın səviyyəsindən razılığını bildirmişdir.AVROPA BİRLİYİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR Avropa Birliyinin nümayəndə heyətinin başçısı Marqerita Boniver yekun mətbuat konfransında demişdir ki, Avropa Birliyi Azərbaycanla və Cənubi Qafqazın digər ölkələri ilə təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, bu istiqamətdə Avropa Birliyi üçün əsas meyarlar regional münaqişələrin sülh yolu ilə nizama salınması və demokratik seçkilər keçirilməsidir. Xanım Boniver Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını bildirdi və seçkilərin monitorinqinin aparılmasına Avropa Birliyi tərəfindən kömək göstərilməsi barədə təşəbbüs irəli sürdü.