AZƏRBAYCAN BAŞ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ ABBAS ABBASOVUN MOSKVADA GÖRÜŞLƏRİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı ilə baş nazirin birinci müavini Abbas Abbasov noyabrın 4-də Moskvaya gəlmişdir. O, Rusiyanın rəsmi şəxsləri ilə - daxili işlər naziri Boris Qrızlovla, Baş prokuror Vladimir Ustinovla, xarici işlər naziri İqor İvanovla, Rusiya hökumiəti sədrinin müavini Viktor Xristenko ilə və Moskva şəhərinin meri Yuri Lujkovla görüşmüşdür. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev, respublika Daxili İşlər Nazirliyinin Rusiyadakı səlahiyyətli nümayəndəsi Vidadi Rzayev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarov görüşlərdə iştirak etmişlər.
Həmin görüşlərdə oktyabrın 31-də Moskva vilayətinin Mıtişşi rayonundakı Xlebnikovo qəsəbəsində yerləşən “Vegetta” qapalı səhmdar cəmiyyətinin ərazisində baş vermiş hadisələrlə bağlı məsələlər müzakirə olunmuşdur. Bu hadisələr zamanı bir soydaşımız - Şəmkir rayonunun şakini, 21 yaşlı Qasım Əli oğlu Əjdəri həlak olmuş, Azərbaycanın bir neçə başqa vətəndaşı isə müxtəlif dərəcədə ağır bədən xəsarəti almışdır.
Görüşlər başa çatdıqdan sonra Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov AZƏRTAC-ın müxbirinə danışıqların yekununu şərh edərək bildirdi ki, qarşılıqlı hörmət və anlaşma şəraitində keçən görüşlərin hamısında müəyyən qüvvələrin baş vermiş hadisələri dövlətlərarası münasibətlər, Azərbaycan və Rusiya xalqları arasında münasibətlər müstəvisinə keçirmək cəhdlərinin qarşısının hər iki tərəfdən alınmasının vacibliyi xüsusi vurğulandı. Baş nazirin müavini dedi ki, Azərbaycanda da müəyyən qüvvələr var ki, onlar Rusiyada qeyri-sağlam mühit yaratmağa cəhd göstərirlər. Bu, yolverilməzdir, çünki Rusiyadakı çoxsaylı Azərbaycan diasporunun həyatını və mənafelərini təhlükə qarşısında qoyur. Keçirilən görüşlərin iştirakçılarının yekdil fikri belədir ki, bu hadisələr ətrafında möhtəkirliyə yol vermək olmaz, əksinə, birgə səylərlə məsələləri həll etmək lazımdır.
Rusiya daxili işlər nazirinin müavini Aleksandr Çekalin də baş vermiş hadisə ilə bağlı fikrini bildirdi. O bəyan etdi ki, Rusiya DİN azərbaycanlılar barəsində hüquqa zidd əməllərə yol verilməsi və bunun nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar təəssüfləndiyini bildirir. RF Baş prokurorluğu hadisəyə dərhal öz münasibətini bildirmişdir və həmin faktla bağlı cinayət işi qaldırılmışdır.
A.Çekalin Rusiyanın daxili işlər naziri Boris Qrızlovla görüşün yekunlarından danışaraq bildirdi ki, tərəflər Rusiyadakı əməliyyat vəziyyəti barədə, habelə “Vətəndaşlıq haqqında” və “Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” qanunların qüvvəyə minməsi ilə əlaqədar ölkənin hüquq mühafizə orqanları qarşısında duran vəzifələr haqqında ətraflı söhbət apardılar. Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının Azərbaycan diasporu ilə qarşılıqlı fəaliyyətinin müsbət rolu vurğulandı. Nazir müavini dedi ki, iki dövlət arasında çoxdan səmimi münasibətlər, qarşılıqlı anlaşma yaranmışdır və bunun qədrini bilmək, inkişaf etdirmək lazımdır. Söhbət Rusiyanın yeni qanunvericiliyinə son dərəcə sivilizasiyalı yanaşmaqdan gedir. Bu görüşün nəticələrinə əsasən demək olar ki, hər iki tərəf gələcək birgə fəaliyyət barəsində xoş məram nümayiş etdirdi.
Nazir müavini milli zəmində hüquq pozuntularının və millətçilik əhval-ruhiyyəsinin qarşısını almaq üçün Rusiya Daxili İşlər Nazirliyinin nə kimi konkret tədbirlər görəcəyi barədə suala cavabında bildirdi ki, DİN etnik zəmində hər hansı sıxışdırmalara yol verməyəcəkdir. Bunun üçün bizim kifayət qədər gücümüz, iradəmiz, dövlətlərimiz arasında səmimi və yaxşı münasibətlər var. Azərbaycanlılar əməksevər insanlardır, onlar həm Rusiyanın, həm də Azərbaycanın rifahına yönəldilmiş çox ağır bizneslə məşğul olurlar.
Asya Hacızadə
AZƏRTAC-ın müsusi müxbiri
Moskva