İQTİSADİYYAT
AZƏRBAYCAN BEYNƏLXALQ VERGİ MÜNASİBƏTLƏRİ SAHƏSİNDƏ MÜHÜM NAİLİYYƏTLƏR QAZANMIŞDIR
Bu il yanvarın 1-dən etibarən Almaniya, Polşa, Fransa və Çin dövlətləri ilə sazişlər tətbiq olunmağa başlamışdır.
Hazırda “Gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” ikitərəfli saziş 17 dövlətlə - Avstriya, Almaniya, Böyük Britaniya, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Fransa, Çin, MDB-dən isə Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistanla icra olunur.
Azərbaycanın Belçika, İtaliya, Kanada və Pakistanla müvafiq saziş layihələri də parlamentdə təsdiq edilmişdir. Latviya, Finlandiya və Çexiya ilə sazişlər imzalanmışdır və hər iki tərəfin parlamentləri tərəfindən təsdiq olunmalıdır. Daha 10 dövlətlə - Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveç, İsveçrə, Küveyt, Lüksemburq, Niderland, Serbiya və Çernoqoriya ilə saziş layihələri ekspertlər səviyyəsində tam razılaşdırılıb və imzalanmaya hazırdır. Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, İran, Yunanıstan, Oman və Hindistanla müvafiq saziş layihələrinin razılaşdırılması istiqamətində ikitərəfli danışıqlar aparılır.
Perspektivdə daha bir sıra dövlətlərlə də belə sazişlərin hazırlanması nəzərdə tutulmuşdur.