AZƏRBAYCAN BİZNES SAHƏSİNDƏ APARDIĞI İSLAHATLARA GÖRƏ DÜNYADA LİDERDİR
AZƏRTAC xəbər verir ki, Dünya Bankının 181 ölkə haqqında hazırladığı „Biznesin aparılması-2009“ illik hesabatına görə Azərbaycan keçən ildən bu yana biznes şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatların nəticələri üzrə liderdir.
Hesabatda bildirilir ki, 10 göstəricidən 7-si üzrə ən yüksək nəticənin qeydə alındığı Azərbaycan nəinki regionda, həm də dünyada islahatlara görə lider olaraq biznes üçün əlverişli ölkələrin beynəlxalq reytinqində yüksələn xətlə irəliləmişdir. Ölkələrin göstəriciləri əsasən qaydaların müasirləşdirilməsi, mülkiyyət hüququnun genişləndirilməsi və kredit almaq imkanlarının artırılmasına görə müəyyənləşdirilir. Bankın hesabatında deyilir ki, Azərbaycan hökuməti biznes fəaliyyəti və mülkiyyətin satışı üzrə proseduru, məşğulluq haqqında qanunvericiliyi və vergi ödənişi qaydalarını sadələşdirmişdir. Ölkədə həyata keçirilən islahatlar kifayət qədər çox sayda yeni iş yerlərinin açılması ilə nəticələnmişdir. İqtisadiyyatın sürətli inkişafı onu göstərir ki, Azərbaycan hökuməti biznes fəaliyyəti ilə məşğul olanlar üçün səmərəli tənzimləyici mühit yaratmışdır və bu istiqamətdə iş davam etdirilir.
Hesabatda ilk onluqda Azərbaycandan sonra Albaniya, Qırğızıstan, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Dominikan və Misir yer almışdır.