SİYASƏT
Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub
Bakı, 21 yanvar, AZƏRTAC
Baş verən indiki ziddiyyətli proseslər, qlobal güclər arasında münasibətlərin gərginləşməsi dünyanın enerji xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olur. Azərbaycan belə bir mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən etibarlı tərəfdaş kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O qeyd edib ki, Davos İqtisadi Forumunda müzakirə olunan məsələlərin məzmunu enerji sahəsində əməkdaşlığın əhəmiyyətinin artdığını göstərir.
“Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda çıxışında Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağını vurğulayıb. Bu, ümumilikdə Avropanın enerji tələbatının ödənilməsində çox mühüm rol oynayacaq. Prezident TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu, Azərbaycanın xüsusilə indiki mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edə biləcəyini təsdiqləyir. Hesab edirəm ki, ümumilikdə ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun da artmasına səbəb olacaq”, - deyə Soltan Məmmədov bildirib.
Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayır. Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkə kimi tanınır. Prezident İlham Əliyev tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışının da anonsunu verdi. Azərbaycanın uğurunu şərtləndirən əsas amillərdən biri bundan ibarətdir ki, bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub. Eyni zamanda, təbii ki, ölkəmizin iqtisadi imkanları, maliyyə resursları da qlobal əhəmiyyətli iqtisadi layihələrdə ciddi tərəfdaş kimi qəbul edilməsinin əsas səbəblərindəndir.
Soltan Məmmədov vurğulayıb ki, dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxsin, o cümlədən 52 dövlət və hökumət başçısının iştirak etdiyi Davos İqtisadi Forumunda əsasən iqtisadi məsələlər müzakirə olunsa da, bu tədbir dünya siyasətinin ən mühüm problemlərinin həllinə də ciddi təsir göstərir.