Azərbaycan diasporu Stalinqrad döyüşündə qələbənin 81-ci ildönümünü qeyd edib
Moskva, 24 fevral, AZƏRTAC
“İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” Regional İctimai Təşkilat Moskvada Stalinqrad döyüşündə qələbənin 81-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İkinci Dünya müharibəsinin veteranları, Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Zaur Paşayev, Rusiya Liberal Demokrat Partiyasının Moskva bölməsinin sədri Yeqor Anisimov, Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, Moskva vilayət Dumasının deputatı Tatyana Nikitas, veteran və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Çıxış edənlər İkinci Dünya müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb, Həzi Aslanov və digər qəhrəmanların adlarının iki xalqın tarixinə qızıl hərflərlə həkk olunduğunu vurğulayıblar.
“İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” Regional İctimai Təşkilatının sədri Əli Kazımov çıxışında qeyd edib ki, Azərbaycan da öz qəhrəmanlarının xatirəsini əziz tutur. Azərbaycan xalqı müdafiə fonduna 17 milyon rubl dəyərində şəxsi əmanət toplayıb, bu pullarla tanklar əldə olunub, təyyarə eskadrilyası tikilib. Bakının hər bir neft zavodunda belə şüar asılmışdı: “Bizim Stalinqradımız hər bir quyudadır!”. 1500-ə yaxın azərbaycanlı Stalinqradın müdafiəsinə görə mükafatlara layiq görülüb”, - deyə Ə.Kazımov əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva