Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Qadınlar Şurası və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkil etdikləri tədbirdə çıxış edən mərkəzin bölmə müdiri Gülxar Məmmədova 20 Yanvar hadisələrindən danışıb. Universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsini yad edən G.Məmmədova onun vətənpərvər gənc olduğunu vurğulayıb.
ADU-nun Qadınlar Şurasının sədri, linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışıb, 20 Yanvarı Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər gördüyünü, bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdıran M.Qazıyeva torpaqlarımızın düşmən tapdağından mütləq azad olunacağına əminliyini ifadə edib.
Sonra tələbələr 20 Yanvar faciəsi haqqında fikirlərini bildirib və müstəqilliyin gənc nəsil üçün müqəddəs miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıblar.
“Dəyirmi masa” müzakirələrlə davam etdirilib.