Azərbaycan Dillər Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanmışdır.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Xocalı soyqırımını bəşər tarixində ən qanlı cinayətlərdən olduğunu, bu faciənin xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulamışdır. Hazırda Azərbaycanın haqq işinin dünyada tanıdılması işinin daha da gücləndiyini vurğulayan S.Seyidov artıq dünyanın bəzi dövlətlərinin Xocalı hadisələrini soyqırımı kimi qəbul etdiyini diqqətə çatdırmışdır.
Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə xidmətləri xüsusilə vurğulanmışdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının hazırda dünyada geniş vüsət aldığı, xaricdə təhsil alan azərbaycanlı tələbələrin bu işdə yaxından iştirakı yüksək dəyərləndirilmişdir.
S.Seyidov Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, əhalinin doğma yurdlarına qayıdacağına, Xocalıda soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə etmişdir.
Digər çıxış edənlər bildirmişlər ki, cinayətkar erməni quldurlarının vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülmüş, 487-si şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmışlar.
Tədbirdə tələbələrin ifasında “Xocalı soyqırımı” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmiş, Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı lentə aldığı kadrlar nümayiş olunmuşdur.