AZƏRBAYCAN DİPLOMATI “RUSSİAN MEDİA GROUP LLC”-NİN TELEVİZİYA PROQRAMINDA ÖLKƏMİZ HAQQINDA HƏQİQƏTLƏRDƏN DANIŞMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev “Russian Media Group LLC”-nin (RTN/WMNB) siyasi icmalçısı Boris Rabinerin Azərbaycana həsr edilmiş proqramında iştirak etmiş və müsahibə vermişdir.
A.Mehdiyev Azərbaycanın müasir dünyada rolu, beynəlxalq aləmdə tutduğu mövqe, balanslaşdırılmış xarici siyasəti, ölkəmizdə mövcud siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi barədə məlumat vermişdir. O, Azərbaycanın əməkdaşlığın tərəfdarı olduğunu diqqətə çatdırmışdır.
Boris Rabinerin Azərbaycanın problemləri barədə sualına cavabında A.Mehdiyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal, etnik və təmizləmə siyasəti, 1 milyon qaçqının və məcburi köçkünün ağır şəraitdə yaşaması, işğal nəticəsində 30 min azərbaycanlının qətlə yetirilməsi barədə məlumat vermişdir. Münaqişənin aradan qaldırılması istiqamətində Azərbaycanın xarici siyasət sahəsində apardığı işlər barədə söhbət açan diplomat BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər beynəlxalq və regional təşkilatların Ermənistanın Azərbaycanın ərazisini işğal faktını pisləyən sənədlər qəbul etdiyini bildirmişdir. Səfir cari ilin martında BMT Baş Məclisində qəbul edilmiş qətnamə barədə məlumat verərək demişdir ki, bu sənəddə də Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanındığı, respublikamızın 20 faiz ərazisinin işğal edildiyi və Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini diqqətə çatdırmışdır.
Aparıcının Azərbaycanda yəhudilərin vəziyyəti barədə sualına cavabında A.Mehdiyev ölkəmizdə bütün xalqların, o cümlədən yəhudilərin daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildirərək, bunun üçün Azərbaycan dövləti tərəfindən bütün şəraitin yaradıldığını vurğulamışdır. Azərbaycanın Quba rayonunda yəhudilərin yığcam yaşadıqları “Qırmızı qəsəbə”ni misal gətirən səfir demişdir ki, orada, həmçinin paytaxt Bakıda yəhudilərin sinaqoqu, məktəbi, kitabxanası fəaliyyət göstərir.
Verilişdə Nyu-York dağ yəhudiləri icmasının rəhbəri Nobert Yevdayev də iştirak etmişdir.