REGİONLAR
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Sabirabadda vətəndaşlarla görüşüb
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin inzibati binasında Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdən öncə Zaur Mikayılov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Mirzəliyev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.