AZƏRBAYCAN “ƏLİLLƏRİN HÜQUQLARI HAQQINDA” KONVENSİYAYA QOŞULACAQDIR
Komissiyanın sədri Hadi Rəcəbli gündəlikdəki birinci məsələ - sosial siyasət daimi komissiyasının 2008-ci il yaz sessiyasının yekunları və 2008-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat vermişdir. Komissiya sədri bildirmişdir ki, payız sessiyasında “Uşaq idmanı haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri üzərində iş davam etdiriləcəkdir. Gələn il yaz sessiyasında isə “Paralimpiya haqqında” və “Gənc ailənin sosial müdafiəsi haqqında” qanun layihələrinin hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunması planlaşdırılır.
H.Rəcəbli “Əlillərin hüquqları haqqında” Konvensiyaya və onun Fakültativ Protokoluna qoşulmaqla bağlı sənədlər barədə məlumat verərək demişdir ki, 2006-cı ilin dekabrında BMT-nin qəbul etdiyi və bir sıra dövlətlər tərəfindən təsdiq olunmuş Konvensiyanın əsas məqsədi əlillər arasında bütün insan hüquqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə edilmişdir. Bildirilmişdir ki, bu dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə alınmasını, həmçinin xarici ölkədə işləmiş Azərbaycan vətəndaşının əmək kitabçasında qeydlərin aparılmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsini ehtiva edir.
Deputatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklərə də müsbət münasibət bildirmişlər.
İclasın sonunda gündəlikdəki məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunmuşdur.