“AZƏRBAYCAN ƏSRLƏRDƏ VƏ BU GÜN”
Bu, həmin qəbildən və bütün zəmanələrin nadir memarlıq abidələrinin yeri göstərilən sayca dördüncü və sonuncu xəritədir.
Doğma Bakının vurğunu olan rəssam təxminən 10 ildir memarlığımızın şah əsərləri sayılan abidələrin şəkillərini çəkir. Sonradan onları xəritələrdə bir araya gətirmək ideyası yaranmışdır. “Bakının mərkəzinin səmadan görünüşü” (2001-ci il), “İçərişəhər - irsimizi qoruyaq” (2002-ci il) və “Abşeron küləklər və odlar diyarıdır” (2004-cü il) orijinal xəritələri beləcə işıq üzü görmüşdür.
Bu silsiləni daha genişmiqyaslı “Azərbaycan əsrlərdə və bu gün” xəritəsi tamamlayır. Onun əvvəlki üç xəritədən başlıca fərqi ölkəmizin tarixinə qeyri-adi ekskursiya təşkil etməsidir. Azərbaycanın müasir xəritəsi ilə yanaşı, VIII əsrdən 1920-ci ilədək olan dövrü əhatə edən 12 xəritə, habelə orta əsrlərdə ölkəmizin ticarət yollarının sxemi göstərilmişdir.
Müasir Azərbaycan dövlətinin xəritəsində xususi tarixi dəyəri olan 183 obyekt - qalalar, qəsrlər, arxitektura ansamblları, məscidlər və minarələr, evlər, karvansaralar, ovdanlar, körpülər, mavzoleylər, daş heykəllər, Qafqaz Albaniyasının arxitektura abidələri, qoruqlar və yasaqlıqlar təsvir olunmuşdur.
Mürəkkəb kompyuter dizaynı “Buta” dizayner şirkətində istedadlı gənc mütəxəssis Emin Rzayev tərəfindən yerinə yetirilmişdir.
Xəritənin arxa tərəfində həmin abidələr haqqında ətraflı informasiya, bu işə misilsiz kömək göstərmiş professor Şamil Fətullayev-Fiqarovun, akademik Çingiz Qacarın, memarlıq doktoru Cəfər Qiyasinin şərhləri verilmiş, M.Hüseynov, L.Bretanitski və A.Salamzadənin “Azərbaycan arxitekturasının tarixi” kitabından sitatlar gətirilmişdir.
Layihə Norveçin “Statoyl” neft şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Şirkət xəritənin böyüdülmüş variantını Bakıda keçirilən ”Xəzər, neft və qaz -2006” beynəlxalq sərgisində nümayiş etdirəcəkdir.