AZƏRBAYCAN FUTBOLUNUN FLAQMANI “NEFTÇİ” VƏTƏNİNDƏ SEVİNCLƏ QARŞILANDI
AZƏRTAC xəbər verir ki, Moskvada MDB ölkələrinin futbol üzrə milli çempionları arasında keçirilən “Birlik” kuboku uğrunda ənənəvi turnirdə uğurla çıxış edən “Neftçi” komandası yanvarın 24-də Vətənə dönmüşdür. Komandamızı Heydər Əliyev adına beynəlxalq hava limanında Gənclər, İdman və Turizm Nazirliyinin, AFFA-nın, Milli Olimpiya Komitəsinin nümayəndələri, futbol azarkeşləri və idman ictimaiyyəti sevinclə qarşılamışlar.
Turnirin yekunlarına dair AZƏRTAC-ın müxbirinin suallarını cavablandıran komandanın baş məşqçisi Ağasəlim Mircavadov demişdir ki, “Neftçi”, ilk növbədə, ermənilər üzərində prinsipial qələbə qazanaraq Azərbaycan xalqında nikbin əhval-ruhiyyə yaratdı. Xalqımız buna layiqdir.
Komandanı musiqi sədaları altında, gül-çiçəklə qarşılayan iki minə yaxın futbol azarkeşi sevinc hisslərini gizlədə bilmirdi. Futbolçular hava limanından şəhərədək bayraqlarla bəzədilmiş avtomobillərlə müşayiət olundu. Şəhərdə isə əsil bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Xatırladaq ki, Azərbaycan futbolunun flaqmanı “Neftçi” əvvəlcə qrup oyunlarında Moldovanın “Şerif” komandasını 1:0, Türkmənistanın “Nebitçi” komandasını 4:1 hesabı ilə məğlub edərək 4/1 finala çıxmışdır. Komandamız bu mərhələdə Ermənistanın “Pünik” klubu üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanaraq yarımfinalda turnirin ən güclü komandalarından olan “Dinamo”(Kiyev) ilə qarşılaşmış və onu da məğlub etmişdir (2:1). “Neftçi” yalnız finalda Moskvanın “Lokomativ” kulubuna 1:2 hesabı ilə uduzmuşdur. Beləliklə “Neftçi” “Birlik” kuboku uğrunda yarışlarda ikinci yeri tutmuşdur.