AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ TURNİRLƏRDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Avropa çempionatı (19-24 sentyabr, Moskva) ərəfəsində digər gimnastlarımızın da əhvalı yaxşıdır. Son yarış Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Sabina Alxazova altılığı üçün uğurla başa çatmışdır. Onlar seçmə mərhələsini asanlıqla keçərək, hər iki finala çıxmışlar. İdmançılarımız 5 lent və 3 halqa/4 gürzlə uğurla çıxış edərək bürünc medallar qazanmış və Hollandiyada Azərbaycan bayrağını qaldırmışlar.
Deventerdə Qran-pri seriyasından növbəti mərhələ keçirilmişdir. Yarışlarda Aliyə Qarayeva və Anna Qurbanova mübarizə aparmışlar. Gimnastlarımız 4 finalın hamısında çıxış etmişlər, Aliyə Qarayeva isə xüsusi fərqlənmişdir. O, ip və gürzlə hərəkətlərdə iki dəfə bürünc medal qazanmağa lap yaxın olmuş, top və lentlə çıxışına görə isə 5-ci yeri tutmuşdur. Qurbanova lentlə hərəkətlərə görə 6-cı, ip və gürzlə iki dəfə 7-ci, top ilə hərəkətlərdə 8-ci olmuşdur.
Sentyabrın 8-10-da Portuqaliyanın Portiman şəhərində dünya kubokunun seçmə mərhələsi keçiriləcəkdir. Yarışda Dinara Gimatova da iştirak edəcəkdir.