AZƏRBAYCAN GİMNASTLARI BOLQARISTANDA DÖRDÜNCÜ YERİ TUTMUŞLAR
Məşqçilər Avropa birinciliyinin fərdi proqramının iştirakçılarını müəyyənləşdirənədək, qrup komandamız Bolqarıstanda keçirilən beynəlxalq turnirdə iştirak etmişdir.
Komandamızın üzvləri beş lentlə hərəkətlərdə 12,325 bal, 3 halqa və 4 gürzlə hərəkətlərdə 14,125 bal qazanaraq, çoxnövçülüyün ümumi hesabına görə 26,45 xal toplamış və 4-cü yerə çıxmışlar. 3-cü yeri tutmuş Yaponiya komandasını arxada qoymaq üçün qızlarımızın cəmi 0,20 balı çatmamışdır.
Birinci və ikinci yerləri Bolqarıstan və İsrail yığmaları tutmuşlar.
Komandamızın məşqçisi Natalya Dmitrova demişdir: “Azərbaycanın yekun protokolunda Polşa, Fransa, Brazilya və Finlandiyanı qabaqlaması komandamızın yaxşı çıxış etməsindən xəbər verir. Yeri gəlmişkən, yığmamız xarici mütəxəssislərin hamısının çox xoşuna gəldi”.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa çempionatı ərəfəsində, sentyabrın 1-3-də Hollandiyanın Deventer şəhərində beynəlxalq turnir keçiriləcəkdir. Bu yarışda qrup komandamız və yeniyetmə gimnastımız Zeynəb Cavadlı iştirak edəcəklər. Aliyə Qarayeva və Anna Qurbanova Qran-pri seriyasından olan turnirin son mərhələsində yarışacaqlar.
Payızın ilk günləri təkcə Deventerdə keçiriləcək gimnastika turniri ilə əlamətdar olmayacaqdır. Gənc idmançılar ənənəvi illik beynəlxalq turnirdə iştirak etmək üçün İzmirdə də toplaşacaqlar. Türkiyəyə Nigar Mirzəyeva, Leyla Şamilova, Zülfiyyə Əliyeva və Ceyla Quliyeva yola düşəcəklər.