Azərbaycan-Gürcüstan parlamentlərarası əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Tbilisi, 23 dekabr, AZƏRTAC
Tbilisi şəhərində keçirilən Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan parlamentləri arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin üçtərəfli görüşün uğurla keçirildiyi, bu görüş çərçivəsində fəaliyyət planı və Tbilisi Bəyannaməsinin qəbul olunduğu, habelə Bəyannamədə enerji, nəqliyyat və s. sahələrlə yanaşı, ilk dəfə olaraq ərzaq təhlükəsizliyi ilə də bağlı məsələlərin öz əksini tapdığı vurğulanıb və bunun üçtərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsinin göstəricisi olduğu bildirilib.
Söhbət zamanı Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti vurğulanıb. Bu boru kəmərinin nəinki ölkələrin iqtisadi və sosial inkişafını, həm də ölkələrin suverenliyi və müstəqilliyinin gücləndirilməsində, habelə sonradan həyata keçirilməsi nəzərdə tutulan üçtərəfli layihələrin reallaşmasında mühüm rol oynadığı bildirilib.
Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən tərəflər ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar. Bu xüsusda, nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi