“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ BAKI-MOSKVA-BAKI MARŞRUTUNUN LİDERİDİR
Bunu AZƏRTAC-ın müxbirinə Konsernin Rusiyadakı baş nümayəndəsi, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki Eldar Hacıyev bildirmişdir. Onun sözlərinə görə, Bakı Rusiyadan hər gün 8 reys yerinə yetirilən yeganə şəhərdir. Konsern aviasiya texnikasının istismar səviyyəsinə və xidmətin keyfiyyətinə görə də Rusiya ərazisində birinci yerə namizəd ola bilər.
E.Hacıyev demişdir ki, 2005-ci il “Azərbaycan Hava Yolları” və onun Rusiya nümayəndəliyi üçün əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Moskvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında uçuşlara bütün məhdudiyyətlərin götürülməsi barədə memorandum imzalanmışdır. Bunun sayəsində il ərzində hər iki tərəfdən gündəlik reyslərin sayı 4-ə çatdırılmışdır. Rusiya tərəfindən bu istiqamətdə sərnişin daşınması ilə “Aeroflot”, “Domodedovskiye avialinii” və “Sibir” aviaşirkəti məşğul olurlar. Bakı-Moskva-Bakı marşrutu ilə ümumən həftədə 28 reys yerinə yetirilir. SSRİ-nin süqutundan sonra “Azərbaycan Hava Yolları” sərnişin daşınmasının həcminə görə belə yüksək səviyyəyə ilk dəfə qalxmışdır.
E.Hacıyev bildirmişdir ki, göstərilən marşrut üzrə reyslərin sayı birbaşa tələbatdan asılıdır, tələbat isə yüksəkdir. Hazırda Konsernin fəaliyyəti beynəlxalq uçuş normaları və tələblərinə cavab verir. Bu isə bizə olan etimadı artırır və Rusiya bazarında nüfuzumuzu yüksəldir.