“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il yanvarın 1-də yerli vaxtla saat 20.00-da Binə hava limanının ərazisində huşunu itirmiş adam aşkar edilmişdir.
Bu barədə məlumat alandan sonra “Azərbaycan Hava Yolları” Dövlət Konserninin aviasiya təhlükəsizliyi idarəsinin, aerodrom xidmətinin əməkdaşları, tibb işçiləri və “Aeronaviqasiya” müəssisəsinin hava hərəkətini idarəetmə idarəsinin rəhbərləri hadisə yerinə gəlmişlər. Məlum olmuşdur ki, həmin şəxs çiyin və kəllə nahiyəsindən ağır zədələr almışdır.
Zərərçəkən şəxs xəstəxanaya çatdırılandan bir qədər sonra dünyasını dəyişmişdir.
Baş vermiş faktı araşdırmaq üçün Dövlət Konsernində xüsusi komissiya yaradılmışdır. Komissiya xəsarət alanın Maştağa qəsəbəsinin sakini Maarif Hüseynov olduğunu müəyyənləşdirmişdir.
İlkin məlumata görə, Maarif Hüseynov uçuş-eniş zolağını keçməyə səy göstərərkən havaya qalxan təyyarənin qaz şırnağının təsirindən xəsarət almışdır. Təhqiqat nəticəsində Maarif Hüseynovun hava limanı ərazisinə Maştağa qəsəbəsi tərəfdən keçdiyi müəyyənləşmişdir. Ərazinin şimal-qərb tərəfindəki bu sahədə İsrailin MAGAL SECURİTY SYSTEMS LTD” şirkəti tərəfindən DTR-2000 sistemli elektron çəpər çəkilməsi tam başa çatdırılmamışdır.
Dövlət Konserninin rəhbərliyi Bakının beynəlxalq Binə hava limanının ərazisinə qanunsuz keçmə hallarının qarşısını tam almaq üçün hələ 1999-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında ən müasir təhlükəsizlik sistemlərindən istifadə olunması məsələsini qaldırmışdır. 1999-cu il dekabrın 22-də Dövlət Konserni ilə İsrailin səmərəli və qabaqcıl təhlükəsizlik sistemlərinin işlənib hazırlanması sahəsində öncül yer tutan “MAGAL SECURİTY SYSTEMS LTD” şirkəti arasında DTR-2000 sistemli elektron çəpər inşası barədə müqavilə bağlanmışdır.
Elektron təhlükəsizlik çəpərinin inşası 2001-ci ilin 1V rübündə başa çatdırılmalı idi. Lakin Maliyyə Nazirliyi inşaat işlərinin maliyyələşdirilməsini gecikdirdiyinə görə, elektron çəpərin çəkilməsinin başa çatdırılması 2002-ci ilin martınadək təxirə salınmışdır.
Bu layihənin həyata keçirilməsi kənar şəxslərin Binə hava limanı ərazisinə keçməsinin qarşısını tamamilə almağa imkan verəcəkdir. Beləliklə də beynəlxalq aviasiya təşkilatlarının aviasiya təhlükəsizliyi və uçuşların təhlükəsizliyi məsələlərində dünya standartları səviyyəsində irəli sürdükləri tələblərin yerinə yetirilməsinə imkan yaranacaqdır.
Uzunluğu 23,5 kilometr olması nəzərdə tutulan DTR-2000 sistemli elektron çəpər inşaat və kompüter cihazlarından, habelə idarəetmə pultundan ibarətdir. Çəpərin perimetri boyunca konsernin təhlükəsizlik idarəsi əməkdaşlarının gecə-gündüz patrul xidməti çəkmələri üçün eni 3 metr olan torpaq-çınqıl örtüyü yaradılır.
MDB ölkələrində bənzəri olmayan bu layihənin ümumi dəyəri 5,1 milyon ABŞ dollarıdır.