Azərbaycan həndbol millisinin baş məşqçisi: Litvaya hər iki oyunda qalib gəlməyə çalışacağıq
Bakı, 26 fevral, AZƏRTAC
“Bir həftədir hazırlıqlara start vermişik. Qarşıdakı matçlara ciddi hazırlaşırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva Avropa çempionatının seçmə mərhələsində Litvaya qarşı keçiriləcək oyunlarla bağlı danışarkən deyib.
Rusiyalı mütəxəssis hər iki matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Rəqibi analiz etmişik. Şimali Makedoniya ilə ev oyunlarının videosuna baxmışıq. Üç top fərqi ilə uduzublar. Rəqibin heyətində perspektivli gənc oyunçular var. Bəzi həndbolçuları Almaniyanın müxtəlif liqalarında çıxış edirlər. Yaxşı oyun nümayiş etdirib qalib gəlmək istəyirik”.
O, Litva ilə oyuna ciddi itki ilə çıxacaqlarını söyləyib: “Təəssüf ki, komandamızın əsas oyunçularından olan Mehparə Əliyeva əməliyyat olunub və bizə kömək edə bilməyəcək. Çalışağıq ki, rəqibə boşluq verməyək”.
Azərbaycan millisinin qrupdakı şanslarından da söz açan A.Revva əlavə edib: “Litva seçməsinə hər iki oyunda, Şimali Makedoniyaya isə evdə qalib gəlsək, qrupdan çıxa bilərik. Növbəti mərhələyə hər qrupdan iki komanda, eləcə də üçüncü yeri tutan ən yaxşı yığma vəsiqə qazanacaq”.
Qeyd edək ki, Azərbaycan yığması Litva ilə fevralın 28-də Bakıda, martın 3-də isə səfərdə qarşılaşacaq. Milli komanda qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə uduzub.