CƏMİYYƏT
Azərbaycan Hərb Tarix Muzeyində tədbir: “Müdrik lider, böyük strateq, qalib sərkərdə!”
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Hərb Tarix Muzeyində Prezident, Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun, ictimai birliklərin, şəhər məktəblilərinin, QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin və digər çıxış edənlər Prezident İlham Əliyevin 20 illik dövlətçilik fəaliyyətindən danışıblar.
Polkovnik Əzizağa Qəni-zadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin 2003-cü il oktyabrın 15-də birinci müddətə prezident seçilməsindən 20 il ötür. Həmin il seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni mərhələ başladı. Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Ən əsası isə Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu reallaşdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü tam təmin edib.
Sonda Heydər Əliyev adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.