AZƏRBAYCAN HƏRBİ PROKURORLUĞUNUN NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA KEÇİRİLMİŞ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR
On dörd dövlətin, o cümlədən Avropa Birliyi və NATO-ya üzv və üzvlüyə namizəd olan ölkələrin hərbi məhkəmə və hərbi prokurorluq orqanları rəhbərlərinin iştirakı ilə keçirilən simpoziumda Azərbaycan Respublikasının hərbi prokuroru əvəzi İlham Məmmədovun rəhbərliyi ilə nümayəndə heyətimiz də iştirak etmişdir.
Beynəlxalq simpoziumda hərbi məhkəmələrin fəaliyyəti və hərbi hakimlərin statusu ilə əlaqədar müzakirələr və geniş fikir mübadiləsi aparılmışdır. Simpoziumda çıxış edən Azərbaycanın hərbi prokuroru əvəzi İ.Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Avropa standartlarına uyğun həyata keçirilən məhkəmə-hüquq islahatları, hərbi məhkəmələr və hərbi prokurorluğun səlahiyyət dairəsi və fəaliyyət istiqamətlərini müəyyənləşdirən milli qanunvericiliyin xüsusiyyətləri, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə iştirakçılara məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.
Yubiley münasibəti ilə simpozium iştirakçılarını və qonaqları səmimi salamlayan Türkiyə Apellyasiya Məhkəməsinin sədri admiral Ferhat Ferhanoğlu qanunçuluğun və möhkəm hərbi intizamın Türkiyə Silahlı Qüvvələrində mühüm əhəmiyyət kəsb etdiyini, bu sahədə hərbi məhkəmələrin özünəməxsus rolu olduğunu xüsusi qeyd etmiş, insan hüquq və azadlıqlarının təmini sahəsində məhkəmə və prokurorluq işçilərinə böyük öndər Mustafa Kamal Atatürkün nəsihətlərini uğurla həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirmişdir.
Simpozium iştirakçılarının şərəfinə verilən ziyafətdə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər və yüksək rütbəli digər dövlət xadimləri iştirak etmişlər.