AZƏRBAYCAN HÖKUMƏTİ “QUŞ QRİPİ”NƏ QARŞI MÜBARİZƏNİ VƏ EHTİYAT TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Səhiyyə Təşkilatı (WHO), Böyük Britaniyanın Səhiyyənin Qorunması Agentliyinin (HPA) əməkdaşlığı ilə iyulun 1-də “Park İNN Azərbaycan” mehmanxanasında “Heyvanlar və əhali arasında “quş qripi” üzrə milli inteqrə edilmiş masaətrafı simulyasiya “ mövzusunda ikigünlük məşğələ işə başlamışdır.
Məşğələdə Səhiyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin və s. təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov son illər yüksək patogenli “quş qripi” xəstəliyinin Asiya qitəsinin cənub-şərq ölkələrində, Rusiya, Ukrayna və Qazaxıstanda, Avropanın əksər ölkələrində, Amerika və Afrika qitələrində qeydə alındığını bildirmişdir. 2006-cı ilin əvvəllərində köçəri quşların Azərbaycana gətirdiyi bu xəstəliyə ev quşlarının yoluxduğu, “quş qripi”nin qarşısının alınması məqsədilə Baş nazirin birinci müavinin sədrliyi ilə Dövlət Komissiyasının yaradıldığı və mütəxəssislər tərəfindən “Yüksək patogen “quş qripi”nin prolifaktikası və ləğvi üzrə tədbirlər proqramı”nın hazırlandığı diqqətə çatdırılmışdır.
Nazir xəstəliyin baş verdiyi ərazilərin digər ərazilərdən Azərbaycan dövlətinin hərtərəfli dəstəyi ilə görülən operativ, genişmiqyaslı tədbirlər nəticəsində təcrid olunduğunu və epidemiya ocaqlarının qısa müddətdə ləğv edildiyini vurğulamışdır. Bu tədbirin həyata keçirilməsində ABŞ hökumətinin, Dünya və Asiya İnkişaf Banklarının köməyi qeyd edilmişdir.
İsmət Abasov 15 nəfər yerli mütəxəssisin “quş qripi” xəstəliyinin müasir diaqnostika üsullarını öyrənmək məqsədilə xarici ölkələrin müvafiq laboratoriyalarında təcrübə keçdiyini, FAO-nun, USAİD-in ekspertlərinin respublikamızın müxtəlif bölgələrində seminarlar təşkil etdiyini də bildirmişdir. Respublikada “quş qripi”nin epidemioloji vəziyyətinə, bu xəstəliyin vurduğu iqtisadi ziyanın öyrənilməsinə, köçəri quşların miqrasiyasının infeksiyanın yayılmasında roluna həsr edilmiş 3 texniki yardım layihəsinin həyata keçirildiyi və mütəxəssislər tərəfindən ardıcıl olaraq monitorinqlərin aparıldığı diqqətə çatdırılmışdır. Nazir beynəlxalq əhəmiyyət kəsb edən yüksək patogenli “quş qripi” xəstəliyi ilə mübarizəni daha da təkmilləşdirmək məqsədilə keçirilən məşğələnin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə, həmçinin Səhiyyə Nazirliyinin məsul işçisi Viktor Qasımov, WHO-nun Avropa üzrə regional ofisinin nümayəndəsi xanım Ana Paula Koutino, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Təranə Bəşirova, HPA-nın direktor müavini Con Simpson çıxış etmişlər. Bildirilmişdir ki, tədbirdən məqsəd heyvanlar və əhali arasında “quş qripi” xəstəliyinin baş verdiyi hallarda ölkənin xəstəliyə qarşı hazırlıq səviyyəsinin və imkanlarının gücləndirilməsidir. İştirakçılar quşlar arasında xəstəlik baş verdikdə Beynəlxalq Epizootik Büroya, insanlar arasında “quş qripi” xəstəliyi zamanı isə WHO-ya məlumatların çatdırılması üzrə müxtəlif vəzifə və öhdəlikləri tədqiq edəcəklər.
ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders respublikamızda yüksək patogenli “quş qripi” xəstəliyinə qarşı aparılan tədbirləri yüksək dəyərləndirmiş və bu xəstəliyə qarşı mübarizədə ölkəsinin Azərbaycana daim dəstək olacağını söyləmişdir.
Tədbirdə WHO-nun Avropa üzrə regional ofisinin nümayəndəsi xanım Ana Paula Koutinonun “Dünyada yüksək patogenli “quş qripi”nin vəziyyəti” mövzusunda məlumatı dinlənilmişdir.
Sonra məşğələ müxtəlif mövzular üzrə sessiyalarla işini davam etdirmişdir.
######
