Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib
Qahirə, 1 noyabr, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı, Beynəlxalq Astronavtika Federasiyası və Beynəlxalq Kosmos Fondunun təşkilatçılığı ilə Qlobal Kosmos Elmi Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumu giriş sözü ilə açan ICESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl Malik kosmik tədqiqatların İslam ölkələri üçün əhəmiyyətindən bəhs edib, təşkilata üzv ölkələrin bu sahədə əməkdaşlığının perspektivlərindən, habelə beynəlxalq kosmik qurumlarla əlaqələrindən bəhs edib.
Foruma videokonfrans formatında qoşulan Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizin kosmik tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, 2013-cü ildə “Azerspase-1” və 2018-ci ildə “Azerspase-2” telekommunikasiya peyklərinin orbitə buraxıldığını diqqətə çatdıraraq əlavə edib ki, ölkəmiz 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Tədbirdə Beynəlxalq Kosmos Fondunun icraçı direktoru Tom Zelibor, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskale Ehrenfreund və digər natiqlər kosmik tədqiqatların qlobal miqyasda dayanıqlı inkişafın təmin edilməsi, süni intellektin tətbiqi və digər sahələrdə əhəmiyyətindən bəhs ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə