Azərbaycan idmançıları beynəlxalq arenada öz gücünü, dövlətimizin qüdrətini, xalqın iradəsini nümayiş etdirirlər
Bakı, 19 mart, AZƏRTAC
Məlum olduğu kimi, 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Azərbaycan idmançıları yarışda 16 medal qazanıb ki, onlardan 7-si qızıl, 2-si gümüş və 7-si isə bürünc medaldır. Azərbaycan komanda hesabında Avropada birinci yerə layiq görülüb ki, bu da ölkə güləşi tarixində rekord nəticədir. Əldə olunmuş sözügedən uğur Azərbaycanda idmanın müvəffəqiyyətlə inkişaf etdiyini bir daha təsdiqləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, Azərbaycan idman ölkəsidir və idmançılarımız beynəlxalq arenada öz gücünü, dövlətimizin qüdrətini, xalqın iradəsini nümayiş etdirirlər. Azərbaycan idmançıları uzun illərdir mötəbər yarışlarda qalib gəlməklə, Dövlət Himnimizi səsləndirməklə, bayrağımızı ucaltmaqla ölkəmizi dünyada təbliğ edirlər. Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Sirr deyil ki, 1990-cı illərin əvvəllərində antidövlət və antixalq siyasəti yürüdən AXC-Müsavat hakimiyyəti Azərbaycanı torpaqları işğal altında olan ölkəyə çevirmişdilər. Lakin ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində həm AXC-Müsavat hakimiyyətinin vurduğu ləkə silinib və həm də işğal altında olan torpaqlar azad olunub. Bu gün Azərbaycan idmançıları ərazi bütövlüyü bərpa olunmuş qalib ölkəni qürurla təmsil edirlər.
“Azərbaycan, sadəcə, beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edilir. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarına birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula-1-i nümunə olaraq göstərmək olar. Heç şübhəsiz ki, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi təsadüfi deyil. Burada isə iqtisadi gücünü artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır”, - deyə Ramil Vəlibəyov qeyd edib.