AZƏRBAYCAN İLƏ BOLQARISTAN HƏRBİ ƏMƏKDAŞLIĞI İNKİŞAF EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 24-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palçev, Bolqarıstan Silahlı Qüvvələrinin respublikamızda sabiq hərbi attaşesi polkovnik Nikolay Stoitsev və yeni hərbi attaşe polkovnik Trifon Trifonovla görüşmüşdür.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən müdafiə sahəsində əməkdaşlığımız inkişaf edir. O, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əlaqələrin və Azərbaycan-Bolqarıstan hərbi əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səmimi görüş üçün nazirə təşəkkür edən səfir İvan Palçev bildirmişdir ki, iki dövlətin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə inkişafı, müdafiə nazirlikləri nümayəndələrinin müntəzəm keçirilən ikitərəfli görüşləri hər iki dövlətin milli maraqlarına xidmət edir. Səfir Bolqarıstan Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi Nikolay Stoitsevin fəaliyyətini müsbət qiymətləndirərək, yeni hərbi attaşe polkovnik Trifon Trifonovu general-polkovnik Səfər Əbiyevə təqdim etmişdir.
Müdafiə naziri polkovnik Nikolay Stoitsevə xidmətinə görə təşəkkür etmiş və polkovnik Trifon Trifonova uğurlar arzulamışdır.
Polkovnik Nikolay Stoitsev fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafına şərait yaradıldığı və bu istiqamətdə ona yardım edildiyinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra tərəflər Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparmışlar.