SİYASƏT
AZƏRBAYCAN İLƏ ÇEXİYA XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Azərbaycan ilə Çexiya xarici siyasət idarələri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Karel Şvartsenberq ilə birlikdə keçirdiyi brifinqdə məlumat vermişdir.
E.Məmmədyarov demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi barədə Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqi məlumatlandırmışdır.
Danışıqlarda iqtisadi məsələlərə xüsusi yer ayrıldığını deyən E. Məmmədyarov Çexiya iş adamlarının Azərbaycana çox böyük marağı olduğunu, Azərbaycan biznesmenləri tərəfindən də Çexiyaya maraq göstərdiyini vurğulamışdır.
Nazir qeyd etmişdir ki, görüşdə, həmçinin 2009-cu il yanvarın 1-dən Avropa İttifaqında sədrliyin Çexiyaya keçməsi ilə əlaqədar Azərbaycanla Aİ arasında əlaqələrin genişləndirilməsi məsələlərinə də toxunulmuşdur.
E.Məmmədyarov bildirmişdir ki, Çexiyanın Avropa İttifaqında sədrlik müddəti başa çatdıqdan sonra bu ölkənin Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur.
K.Şvartsenberq demişdir ki, E.Məmmədyarovla danışıqlar zamanı Azərbaycanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması mövzusu müzakirə olunmuşdur. Çexiyalı nazir bildirmişdir ki, biz bundan ötrü iki ölkənin müvafiq qurumları arasında konkret əlaqələrin qurulması barədə razılığa gəldik. Sevindirici haldır ki, ikitərəfli məsələlərin müzakirəsi zamanı münasibətlərimizdə heç bir problemin olmadığı məlum olmuş və bu, çox mühüm faktdır.
Çexiyanın xarici işlər naziri iqtisadi və siyasi sahələrdə ölkələrimiz arasında ümumi maraqların olduğunu xüsusi vurğulamışdır.
######